Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisadçı Elçin Süleymanov bank sektorundakı hazırkı vəziyyəti şərh edib. Onun sözlərinə görə, 2019-cu ildə bankların faiz gəlirləri kifayət qədər yüksək olub: "Ölkənin dörd iri bankının təkcə faiz gəliləri 1 milyard manatdan çox olub. Onlar müvafiq olaraq 480 milyon manat, 430 milyon manat, 200 milyon manat və 120 milyon manat gəlir əldə ediblər. Daha sonrakı 4 bankın hər birinin faiz gəlirləri 50-100 milyon manat arasında olub. Digər banklar isə 10-50 milyon manat həcmində faiz mənfəəti əldə ediblər. Ölkədə 30 bank fəaliyyət göstərir, onlardan sadəcə birinin faiz gəliri yoxdur. Ən aşağı faiz gəliri olan banklar isə əcnəbi ölkələrin Azərbaycandakı bank filiallarıdır.
Son 3 ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlət real sektora iki milyard manatdan artıq kredit verib. Amma bankların kredit portfelinə baxdıqda məlum olur ki, verilən kreditlərin əhəmiyyətli hissəsini, təxminən 60-70 faizini istehlak kreditləri təşkil edir. Banklar əhalidən 8,6 milyard manat əmanət qəbul edib, kreditlərin həcmi isə 12,3 milyard manat olub. Kreditlərin 9 milyard manata yaxını istehlak kreditidir və qısa müddətlidir. Ölkə başçısının arzu etdiyi və real iqtisadiyyatın da tələb etdiyi isə uzun müddətli, qismən aşağı faizli biznes kreditlərinin verilməsidir.
Digər bir problem isə regionlarda verilən kredit faizlərinin paytaxtla müqayisədə yüksək olmasıdır. Bu, başa düşüləndir, çünki regionlarda rəqabət aşağıdır, bölgələrdə fəaliyyət göstərən bankların sayı və təklif olunan məhsul çeşidi nisbətən azdır. Bundan başqa, regionlarda sahibkarların ən çox üzləşdiyi problem girovla bağlıdır. Banklar regionlarda təqdim olunan girovları qəbul etmirlər, onlar paytaxda və digər iri şəhərlərdə yerləşən daşınmaz əmlakın girov qoyulmasını tələb edirlər. Sahibkarlara tövsiyə edirəm ki, fərdi sahibkar kimi yox, kooperativ şəklində fəaliyyət göstərsinlər. Onlar kənd təsərrüfatı koperativi şəklində şirkətləşsələr, banklar tərəfindən daha ciddi oyunçu kimi qəbul olunarlar".
Səbuhi TURAN