Blumberqin təklifinə əsasən, ABŞ-da 5 trilyon dollar əlavə vergi yığmaq mümkündür

2020.02.04 18:54 (UTC+04:00)

Nyu-York şəhərinin keçmiş meri, Demokratlar Partiyası adından ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirmiş Maykl Blumberq seçki öncəsi kampaniya çərçivəsində vergi islahatı ilə bağlı təkliflərini açıqlayıb. Onun qənaətinə əsasən, vergi islahatı qarşıdakı on il müddətində Amerika büdcəsinə əlavə 5 trilyon vəsait yığılmasına şərait yarada bilər.

M.Blumberqin təklifinə zəngin vətəndaşlara xüsusi verginin tətbiq edilməsi də daxildir. O, milyarderlərin və iri şirkətlərin illik gəlirlərinin 5 milyon dollardan artıq hissəsindən 5 faizlik əlavə vergi ödəmələrini təklif edib. M.Blumberqin qərargahının hesablamalarına əsasən, bu tədbir ABŞ-dakı vergi ödəyicilərinin cəmi 0,1 faizini əhatə edəcək.

M.Blumberqin təkliflərindən biri də hazırkı prezident Donald Trampın təklif etdiyi "bərabərsizliyi azaltmaq əvəzinə, artıran" vergi islahatını ləğv etməkdir. O, həmçinin yüksək gəlirli vergi ödəyicilərinin kapital artımından tutulan verginin dərəcəsinin nisbətən az zəngin amerikalılarla bərabərləşdirilməsinin tərəfdarı olduğunu bildirib.