Vüsal Qasımlı: "Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının yeni erası başlayır"

2020.02.04 16:50 (UTC+04:00)

Möhtərəm cənab Prezidentin təşəbbüsü və liderliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına həsr olunan 4 dövlət proqramı nəticəsində son 16 ildə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. Son üç ildə qeyri-neft ixracının kumulyativ artımı 55 faizi ötüb. Dövlət adından ixraca dəstək üçün Azexport.az portalı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, ticarət evləri, ticarət nümayəndələri, ixrac subsidiyaları, ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və s. kimi dəstəkləyici tədbirlərdən uğurla istifadə edilmişdir. Əldə olunmuş uğurlardan sonra 4-cü sənaye inqilabının tələblərinə uyğun şəkildə Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft ixracının yeni erası başlayır.

Strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına 200 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması hədəflənib, başqa sözlə bu il də daxil olmaqla biz qeyri-neft ixracını illik 15 faiz artırmalıyıq ki, hədəfimizə çataq. Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına ortalama 1.000 ABŞ dollarıdır. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan hazırda adambaşına 2 min ABŞ dolları həcmində məhsul ixrac olunur ki, bunun da 90 faizini getdikcə əlavə dəyəri azalan və qiymətləri dəyişkən olan neft-qaz təşkil edir. Deməli, qeyri-neft ixracının artımı iqtisadi təhlükəsizlik və makro sabitlik üçün strateji əhəmiyyətlidir. Amma qeyri-neft ixracının artımı kəmiyyət deyil, keyfiyyət baxımından, başqa sözlə, yaradılan mənfəət baxımından daha əhəmiyyətlidir. Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı"nda nəzərdə tutulur ki, 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyası hazırlansın.

Cənab Prezidentin həyata keçirdiyi ixracın dəstəklənməsi siyasətində dünya təcrübəsində mümkün olan hər üç istiqamət uğurla əhatə olunub: standart ticarət, qlobal dəyər zəncirləri və klasterial yanaşma.

Birincisi ondan başlayaq ki, müasir dünyada standart ticarətə nisbətən qlobal dəyər zəncirləri önəmini daha da artırır. Dünya Bankının hesablamalarına görə, dəyər zəncirində iştirakın 1 faiz artması hər nəfərə gəliri 1 faizdən də çox artırır, hansı ki standart ticarətdə bu göstərici 0,2 faizdi. İxracda e-ticarət və e-kommersiya önə çıxır. Azərbaycan UNESCAP-ın hesablamalırna görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycan eyni zamanda standart ticarət imkanlarından geniş yararlanır. Məsələn, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi almaq hesabına elektrik enerjisi ixracını 17 faiz artırmışıq.

Azərbaycan qlobal dəyər zəncirlərinə qoşulanda məhsulun istehsalının bütün mərhələlərini (upstream, midstream və downstream) deyil, rəqabət üstünlüyü olan mərhələsində fokuslanmalıdır. Məsələn, Banqladeş, Kamboca və Vyetnam geyim sənayesini inkişaf etdirməklə xammal ixracatından hazır məhsul ixracına keçidin yaxşı nümunəsini sərgilədilər. Amma hər üç ölkə hazır paltar ixracını tekstili idxal etməklə həyata keçirdilər. Təsəvvür edin ki, hər bir kiloqram pambıq mahlıcının ixracına nisbətən pambıq paltarın ixracı üç dəfədən də çox gəlir gətirir. Azərbaycan ötən il 122 milyon dollar pambıq mahlıcı ixrac etmişdir ki, bunun da son məhsula çevrilməsi təxminən 400 milyon dollar gətirə bilərdi. Biz hazırda pambıq lifinin hər tonunu orta hesabla 1.500 dollara satırıq, bir addım emal dərinliyini artıranda, yəni pambıq ipliyi ixrac edəndə hər tonda orta hesabla 2.500 dollar qazanırıq. Beləliklə, cənab Prezidentin bildirdiyi kimi emal dərinliyinin artırılması üçün sahibkarlar daha çox sərmayə yatırmalıdırlar. Bu sahibkarların gəlirlərini daha çox artıracaq və "Adam Smitin görünməz əli" ilə yeni iş yerləri, əlavə dəyər, ixrac və vergi bazası baxımından faydalı olacaq. Cənab Prezidentin qarşıya qoyduğu yeni vəzifələrə uyğun olaraq meyvə-tərəvəz, tütün, kartof, üzüm və digər aqrar məhsulların son məhsula çevrilməsi çox vacibdir. Bu yolla Azərbaycan həm ixracını genişləndirə, həm də idxalı əvəzləşdirə bilər.

Qlobal dəyər zəncirlərində ölkə, sektor və ya şirkət səviyyəsində iştirak etmək olar. Burada iki formanı fərqləndimək mümkündür: hörümçək formalı və ilan formalı.

Məsələn, Azərbaycanda avtomobil istehsalı daha çox hörümçək formalı dəyər zəncirinə oxşayır. Müxtəlif ölkələrdən gətirilən avtomobil hissələri bizdə yığılır və son məhsula çevrilir, dəyərin bir hissəsi də bizdə qalır. Hörümçək formalı dəyər zəncirlərində üç məsələyə daha çox fikir verməliyik: məhsuldarlıq, bazarlara çıxış və dəyər zəncirində daha dərinə gedib istehsalı genişləndirmək.

İlan formalı dəyər zəncirlərini biz nəqliyyat dəhlizlərinin üzərində qura bilərik. Məsələn, Çindən Avropaya gedən fiberoptik kabel imkan verəcək ki, biz Azərbaycanda Data Mərkəzi yaradıb əldə olunmuş dataları emal edərək sataq. Hazırda dünyada da belə bir tendensiya var ki, qlobal dəyər zəncirləri həm də data axınlarının üzərində qurulur. Eyni prinsipi tətbiq etməklə Ələt Limanında Azad İqtisadi Zonanın ərazisində Orta Asiyadan gələn məhsulları emal edərək Avropaya satmaq mümkündür.

Ölkələrin dəyər zəncirlərində iştirakı da müxtəlif səviyyələrdədir. Avropa və Şərqi Asiyada qlobal dəyər zəncirləri daha çox regionun daxilində ticarətin hesabına inkişaf edir, Şimali Amerikanın yaratdığı dəyər zəncirləri isə daha çox qlobal xarakter daşıyır. Avropa və Şərqi Asiyanın geoiqtisadi tarazlıq mərkəzində yerləşən Azərbaycan bu iki nəhəng dəyər zəncirləri kompleksinin inteqrasiyasında əlverişli mövqelərə çıxa bilər.

Qlobal dəyər zəncirləri dərin ixtisaslaşamaya aparır ki, hazırda Azərbaycanın buna ehtiyacı var. Biz post-neft dövrünün əsas drayverlərini – sektorlarını əsasən müəyyənləşdirmişik: turizm, aqrobiznes, nəqliyyat-logistika, neft-qaz kimyası, İKT və metallurgiya. İndi lazımdır ki, daha dərinə gedərək subsektorları seçək və ixtisaslaşaq. Nizaminin təbirincə desək, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Çili və Çexiya kimi ölkələrin təcrübəsi göstərir ki, maksimum 6 sahə kifayətdir.
İnkişaf səviyyəsinə görə ölkələrin dəyər zəncirlərində iştirakı dörd səviyyədə ola bilər: xammal, məhdud istehsal, qabaqcıl istehsal və xidmətlər, innovativ fəaliyyətlər. Dəyər zəncirlərinə qoşulan şirkətlər daha məhsuldar və kapitaltutumlu olmağa çalışırlar, beləliklə, istehsalı genişləndirirlər və məşğulluğu təmin edirlər. Belədə dəyər zəncirlərinə qoşulan şirkətlər inkişaf edən ölkələrdə məşğul əhalinin az məhsuldar sahələrdən daha məhsuldar istehsal və xidmət sahələrinə keçidini təmin edirlər. bir müşahidəni deyim ki, dünya üzrə göstəricilər sübut edir ki, dəyər zəncirlərinə qoşulmaqla qadın məşğulluğu daha sürətlə artır.

Cənab Prezident müşavirədə klasterial inkişafla bağlı çox vacib məqama toxundu və bildirdi ki, SOCAR Polymer zavodunun istehsal etdiyi polimerlərin əsasında klaster yaratmalıyıq. Azərbaycan SOCAR Polimeri istifadəyə verməklə qabaqcıl istehsalı yaradıb. Belə ki, burada illik 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Göründüyü kimi biz xammaldan məhsul istehsalına keçməklə daha çox dəyəri ölkədə saxlayırıq. Digər bir tərəfdən SOCAR Polimer multiplikasiya effekti yaradaraq ölkədə bir sıra sənaye sahələrinin inkişafını təmin edə bilər. Ötən il Azərbaycanın ixracının artmasında SOCAR Polimer və SOCAR Karbamid kimi zavodların əhəmiyyətli rolu olub. SOCAR Polimer layihəsinin müddətində 6, 6 milyard dollar gəlir gətirməsi proqnozlaşdırılır. Bu gəlirin də təxminən 30 faizi xalis mənfəətdir. Buradan bizim büdcəyə 400 milyon dollar mənfəət vergisi gələcək və 450 milyon dollar da əlavə dəyər vergisi gəliri təmin olunacaq. SOCAR Polymerin istehsal etdiyi polietilen və polipropilen imkan verəcək ki, biz həmin məhsulları Azərbaycanda son məhsula çevirək.

Cənab Prezident müşavirədə həm də xidmət ixracının da əhəmiyyətini qeyd etdi və bildirdi ki, keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, turizm neftdən sonra ikinci ən gəlirli sahədir. 2020-2023-cü illərdə turizmdə artım tempi 30 faizdən çox olacaq ki, bu da xidmət ixracının daha da artmasına zəmin hazırlayacaq. Bu gün Azərbaycan rezidentləri turizmlə yanaşı informasiya-kommunikasiya, nəqliyyat-logistika, təhsil, səhiyyə, maliyyə-bank, tikinti, kosmik xidmətlər sahəsində ixrac imkanlarını daha da genişləndirə bilərlər.

Azərbaycandan "kreativ ixrac" da genişlənir. Yaradıcı və sənaye sahələri (film, foto, heykəltaraşlıq, musiqi, ədəbiyyat, media və s.) üzrə ixrac imkanlarımız da yeni qeyri-neft ixrac strategiyasında nəzərə alınası məqamdır.

Cənab Prezidentin qeyri-neft ixracı ilə bağlı qarşıya qoyduğu əsas məqsəd ixracın daha çox mənfəət gətirməsi, regionlarımızın ixraca qoşulması, ixracın coğrafiyasının şaxələndililməsi və ixraca daha çox KOB subyektələrinin cəlb olunmasıdır.