Özünüməşğulluq proqramı əsasında son bir ildə 1860 məcburi köçkün ailə təsərrüfatlarını yaradıb

2020.02.04 15:43 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən il özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkün olub.

Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər. Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Verilən aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.