İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi könüllü proqramı elan edib

2020.02.04 15:18 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantları könüllü proqramında iştiraka dəvət edir. Mərkəzdən bildirilib ki, könüllü proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, qrafik dizayner ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər müraciət edə bilərlər. Proqrama cəlb ediləcək namizədlər üçün bir sıra tələblər mövcuddur: məntiqi və analitik düşünmə qabiliyyəti; xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti; yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,); ünsiyyət və təqdimat bacarığı.

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə İİTKM tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Könüllü proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00–12:30 və ya 14:30-18:00) və ödənişsizdir. Proqrama qoşulmaq istəyənlər fevralın 29-dək "[email protected]" ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərməli və ya buradan qeydiyyatdan keçməlidirlər. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.