Kiyevdə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

2020.02.04 13:09 (UTC+04:00)

Yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq. Bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə məlumat verib. Onun sözlərinə görə, nümayəndəliyin açılmasında əsas məqsəd Ukrayna vətəndaşlarını Azərbaycanın turizm potensialından daha çox xəbərdar etmək, onların ölkəmizə səfər sayını artırmaqdır: "Bu il Bakıda keçiriləcək "Formula-1" yarışmasına, "Jara" Beynəlxalq Musiqi Festivalına, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 3 oyununa turist axınını təmin etmək məqsədilə işimizi davam etdirəcəyik".

C.Talıbzadə əlavə edib ki, ötən il 59 min ukraynalı turist Azərbaycana səfər edib. Bu da 2018-ci illə müqayisədə 2,5 faiz çoxdur. Ötən il ümumilikdə xarici ölkələrdən Azərbaycana 3 milyondan artıq turist gəlib.