Bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bank sektoru bu sahədə əsas mənbə rolunda çıxış etməli olsa da, uzunmüddətli maliyyələşmədə onun payı hələlik aşağı səviyyədədir: "Hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atılacaq addımları müzakirə edirik. Burada dövlət mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşmə ehtiyaclarının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır.
İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində keçən il də yerli ixracatçılara 9 milyon manata yaxın vəsait qaytarılıb. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır.
Əsas məqsədimiz yalnız rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsullara milli keyfiyyət nişanı olan "Made in Azerbaijan" brendini verməklə onların xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb".