"Hələ yanvar ayının sosial-iqtisadi yekunları mənə məruzə edilməyib. Bu, bir qədər vaxt tələb edir. Amma bir neçə rəqəm artıq mənə deyilib, o cümlədən yenə də vergi və gömrük orqanlarının yanvar ayındakı fəaliyyəti. Beləliklə, bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Yəni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat əldə olunub".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib. Dövlət başçısının sözlərinə görə, sənaye istehsalı ilə bağlı qeyri-neft sektoruna üstünlük veriləcək: "Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir. Sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərsinlər. Biz gərək hər şeyi ardıcıllıqla edək. Biz, əlbəttə ki, meyvə-tərəvəz məhsullarımızı tədarük edirik, ixrac edirik. Bu ixrac da artır, çox yaxşı. Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir.
Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu".