Koronavirus Çin-Azərbaycan iqtisadi əlaqələrinə ciddi təsir göstərməyəcək

2020.02.03 17:57 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Çində də Azərbaycan şirkətləri fəaliyyət göstərir və bu günə kimi həmin ölkəyə 1,7 milyard dollar investisiya qoyublar: "Bütövlükdə koronavirus təhlükəsinin Azərbaycan iqtisadiyyatına birbaşa hansısa ciddi təhdidlərini proqnozlaşdırmıram. Çünki Çin şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri də Çində öz fəaliyyətlərini formalaşdırıblar. Bundan sonra Azərbaycanla Çinin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün bir sıra prespektivlər var".

Vüsal Qasımlı qeyd edib ki, Çindən 1,4 milyard dollarlıq məhsul idxal olunub. Azərbaycandan Çinə isə 750 milyon dollarlıq ixracat həyata keçirilib: "Bizim Çinə ixrac imkanlarımız xüsusilə şərab, kənd təsərrüfatı məhsulları və digər oxşar istiqamətlərdə genişlənə bilər. Çin həm də turizm nöqteyi-nəzərdən Azərbaycanın diqqətini cəlb edən ölkədir. Bu istiqamətdə Çinlə Azərbaycan arasında strateji anlaşma var. Məsələ ondadır ki, 2018-ci ildə Azərbaycana 10 min çinli turist gəlmişdisə, ötən il turistlərin sayı 25 minə qədər qalxıb. Bu il isə turistlərin sayında müəyyən azalma ola bilər. Azərbaycandan da Çinə səfər edənlərin sayında azalma olacağı proqnozlaşdırılır. Çünki gediş-gəlişlə bağlı müəyyən karantin tədbirləri tətbiq olunur. Bütövlükdə koronavirusla bağlı qısamüddətli dönəmdə müəyyən təsirlər ola bilər. Lakin uzunmüddətli dönəmdə hər hansı ciddi təhdiddən danışmaq mümkün deyil".

Səbuhi TURAN