Özünüməşğulluq proqramının 400-dən çox iştirakçısına mebel kəsimi, qapı-pəncərə istehsalı aparatları verilib

2020.02.03 17:50 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi davam edir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son iki gün ərzində Bakı, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Şuşa, Quba, Şabran, Xaçmaz rayonları üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə edən 400-dən çox iştirakçı aktivlərlə təmin olunub.

Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələr qururlar. İştirakçılara mebel kəsimi, plastik qapı-pəncərə istehsalı, avtoyuma avadanlıqları, playstation aparatları və s. təqdim edilib.

Qeyd edək ki, ötən il 10 min 352 nəfər işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Bu il proqramın icrası və daha da genişləndirilməsi işləri davam etdirilir.