Məcburi dövlət sosial sığortası: hesablamalar və ödəmələr

2020.02.03 17:35 (UTC+04:00)

MDSS üzrə illik hesabatlar olmasa da, rüblük hesabatlar mövcuddur. Hesabatlar rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Son ödəmə tarixləri cari ay üçün növbəti ayın 15-dən gec olmayaraq müəyyənləşdirilib. Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış hüquqi şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər.

Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər. Mülki hüquqi müqavilələr üzrə işlərə cəlb edilmiş işçilər üçün (fərdi sahibkarlar istisna olmaqla) hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər.

Müəlliflik qonorarı üzrə ödəmələr etmiş hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər. Hesabatı doldurarkən hüquqi və fiziki şəxslərin mühasibləri əsasən nəyə diqqət yetirməlidir?

2020-ci il yanvarın 1-dən tətbiq olunan yeniliklər

Sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında MDSS haqqı ödəyəcəklər.

Hüquqi şəxslərdə MDSS tutulmalarında heç bir dəyişikliklər olmayacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarın Qəbələ rayonunun Əmirvan kəndində mağazası vardır və o, həm də işçi briqadası ilə təmir işləri görür. Sual meydana çıxır ki, bu sahibkar özü üçün 2019-cu ildə və 2020-ci ildə hansı hesabatları verməlidir və hansı məbləğlərdə ödəmələr aparmalıdır? 4-cü rüb 2019-cu ildə 0704 (ticarət sahəsində məşğul olan sahibkarlar – kənd yerlərində) fəaliyyət növünün kodu üzrə hesabat təqdim etməlidir. Bu hesabatı o, 2020-ci ildə də təqdim edəcəkdir.

Hesablamalar belə olacaqdır:

2019-cu ilin 4-cü rübü üçün ticarət fəaliyyətindən 250 * 50% * 50% = 62,50 manat
2020-ci il üçün isə ticarət fəaliyyətindən 250 * 50% = 125 manat olacaqdır.

Göründüyü kimi, 2020-ci ildən ölkənin bütün regionları üçün vahid dərəcələr tədbiq olunur.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI