Yanvarın 31-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 03:00-da) Böyük Britaniyanın Avropa İttifaqına 47 il davam edən üzvlüyü rəsmi olaraq sona çatdı. Londonun mərkəzinə toplaşan minlərlə "Brexit" tərəfdarı ölkə həyatında yeni mərhələnin başlanmasını coşqu və Britaniya bayraqlarını dalğalandırmaqla qeyd etdi.
Birləşmiş Krallığının Avropa İttifaqını tərk etməsindən bir saat əvvəl xalqa müraciət edən Baş Nazir Boris Conson ölkənin yeni mərhələ üçün prioritetlərini açıqlayıb. O, "Brexit"in son deyil, yeni başlanğıc olduğunu bildirib.
Avropa İttifaqından rəsmən çıxan Böyük Britaniya üçün dekabrın 31-dək keçid dövrü olacaq. Bu müddətdə Birləşmiş Krallıq və Aİ-nin digər 27 üzvü münasibətlərinə əvvəlki kimi davam edəcəklər. Həmin dövr ərzində tərəflər gələcəkdə birgə yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək üçün bütün şərtləri razılaşdırmalı, ilk növbədə, azad ticarət müqaviləsi imzalamalıdırlar.
Xatırladaq ki, 2016-cı ildə ölkədə "Brexit"lə bağlı referendum keçirilib. Səsvermənin nəticələrinə əsasən, seçicilərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib.