Bakı Statistika İdarəsindən verilən məlumata görə, ötən il Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 39,7 mlrd. manat təşkil edib. Sənaye məhsulunun 80,7 faizi mədənçıxarma, 17,2 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 83,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,5 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2020-ci il vəziyyətinə 230,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.