Avropa İttifaqı (Aİ) Komissiyası ictimaiyyətə açıqladığı hesabatında üzv ölkələrin sərmayə əvəzində vətəndaşlıq və ya yerləşmə icazəsi vermələri ilə əlaqədar tətbiq etdikiləri "qızıl viza" proqramlarının təhlükəsizlik baxımından narahatlıq yaratdığı barədə xəbərdarlıq edib.
Hesabatda "qızıl viza" tətbiqinin cinayətkar qruplaşmaların Aİ-yə yerləşmə ehtimalını, çirkli pulların yuyulması, korrupsiya və vergi qaçaqlığı, eləcə də təhlükəsizlik risklərini artırdığı qeyd olunub.
Bildirilir ki, Bolqarıstan, Malta, Cənubi Kipr kimi ölkələrdə qoyulan sərmayələrin əvəzində vətəndaşlıq hüququnun verilməsi proqramları əcnəbilərin Aİ-yə üzv ölkələrdə yaşamadıqlarına baxmayaraq, Aİ vətəndaşlığını təmin edir.
Sənəddə "qızıl viza" almaq üçün müraciət edənlərə təhlükəsizlik nəzarətinin kifayət qədər ciddi olmadığı bildirilir və vurğulanır ki, üzv ölkələrin bu sahədə daha çox əməkdaşlıq etmələri və nəzarət tədbirlərini gücləndirmələri zəruridir. Hesabatda tələb kimi irəli sürülən müddəalardan biri budur ki, sərmayə məlumatlarının şəffaf olmadığı proqramlara nə qədər insanın müraciət etdiyi, nə qədər pul yığıldığı və vətəndaşlıq hüququnu kimlərin əldə etdikləri barədə daha ətraflı məlumat verilməlidir.
Hesabatda göstərilir ki, Aİ Komissiyası "qızıl viza" proqramlarının qanunvericiliyə uyğunluğunu izləyəcək və lazımi tədbirlər görəcək. Proqramların şəffaflığını, idarə edilməsini və təhlükəsizliyini gücləndirmək üçün üzv ölkələrin iştirakı ilə ixtisaslaşdırılmış qrup yaradılacaq.