Mərkəzi Bank POS-terminalların sayı ilə bağlı açıqlama verib

2020.02.03 11:22 (UTC+04:00)

Mərkəzi Bankın statistik bülleteninə əsasən, ötən ilin sonuna ticarət və xidmət obyektlərində istifadə edilən POS-terminalların sayı 67 min 468 ədədə çatıb. Xatırladaq ki, 2019-cu il yanvarın 1-nə bu göstərici 66 min 110 ədəd təşkil edirdi.

2020-ci il yanvarın 1-nə istifadədə olan POS-terminalların 65 min 971-i pərakəndə ticarət obyektlərində quraşdırılıb. Onların 40 min 95-i paytaxtdakı obyektlərin payına düşür. Regionlarda isə 26 min 570 ədədi quraşdırılıb.

Ötən ilin sonuna ölkədə fəaliyyət göstərən bankomatların da sayı artaraq 2.647 ədədə çatıb. İlin əvvəli ilə müqayisədə isə burada 137 ədəd artım müşahidə olunur. 2019-cu ilin yanvarında həmin göstərici 2.510 ədəd təşkil edib. Bankomatların 1.421-i Bakıda, 1.226-sı isə regionlarda fəaliyyət göstərib.