Azərbaycan Mərkəzi Bankından əldə etdiyimiz məlumata görə, ötən il Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Dekabr ayında manatla depozitlər üzrə orta faiz 0,04 faiz bəndi azalaraq 9,27 faiz, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93 faiz təşkil edib.
Hesabata əsasən, 2020-ci ilin yanvarın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,68 faizə, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,4 faizə enib. Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,18 faizdən 13,92 faizə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,16 faizdən 5,9 faizə enib.
Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 0,86 faiz azalaraq 8,01 faizə, manatla kreditlər isə 0,33 faiz azalaraq 16,63 faiz olub.