2019-cu ildə Bakıda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10.214,2 milyon manat və yaxud 2018-ci illə müqayisədə 2,3 faiz az vəsait yönəldilib. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
İl ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər. Ötən il paytaxtda Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, "DOST Agentliyi"nin və "DOST mərkəzi"nin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, bundan əlavə Bakı şəhərində 1.920 şagird yerlik ümumtəhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.