"Vətəndaşlar "kölgə iqtisadiyyatı"nı baykot etməlidirlər. Qeyri-qanuni işlərdən imtina olunmalıdır. Belə hallar sağlam rəqabətə mane olur. Ən böyük problemlərimizdən biri ictimai iaşə müəssisələri ilə bağlıdır". Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov "vergiler.az"a müsahibəsində bildirib.
"Ticarət mərkəzlərinə nəzarət gücləndirilməlidir. İcarə haqlarının aşağı salınması üçün Türkiyə təcrübəsində olduğu kimi, bələdiyyələr ictimai müəssisələr qura bilərlər. Belə olanda icarədarlar qiymətləri aşağı salmağa məcbur olurlar. Gecə-gündüz işləyən sahibkarın itirməsi və əksinə, icarəçinin qazanması, doğru deyil. İşləməyənlər, zəhmət çəkməyənlər pul qazanırlar. Halbuki pulu əmək sərf edən, zəhmət çəkən qazanmalıdır. Bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir. Kimlərsə əvvəllər böyük torpaq sahələri alıblar, ancaq istifadə etmirlər. Audit aparılmalıdır. Torpaqların kimdə olduğu müəyyənləşdirilməlidir. İstifadə edilməyən torpaqların sahibləri "sərvət vergisi" ödəməlidirlər" – deyə Z.Məmmədov əlavə edib.