Qazaxıstan Azərbaycanda üç ticarət evi açacaq

2020.01.31 15:38 (UTC+04:00)

Qazaxıstan Azərbaycanda üç ticarət evinin açmasını planlaşdırır. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ASK-ın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib. Səfirin sözlərinə görə, nümayəndəliyin binasının birinci mərtəbəsində Qazaxıstan məhsullarının sərgisi təşkil olunacaq. Eyni zamanda ölkələr arasında İşgüzar Şura yaratmaq üçün rəsmiləşdirmə işlərinə başlanılıb.

Öz növbəsində M.Musayev cari ilin birinci rübündə İşgüzar Şuranın yaradılmasını tam reallaşdırmağı təklif edib və bunun üçün ASK üzvlərinə müvafiq göstərişlər verib.

Qərara alınıb ki, ikinci rübdə ticarət evlərinin açılması da reallaşdırılsın, ASK bunun üçün səfirliyə öz köməyini göstərəcək.