- Cəmaləddin müəllim, işsizlik müavinəti hansı hallarda və hansı meyarlarla verilir?
- "Sosial sığorta haqqında" Qanuna uyğun olaraq iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın ən azı üç il sığorta stajı olmalıdır və son 24 ayın 12 ayından çox işləyən vətəndaşlar müavinəti "İşsizlikdən sığorta haqqında" Qanuna uyğun olaraq müvafiq hissələrlə ala bilərlər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50, 5 ildən 10 ilə sığorta olduqda 55, həmin müddətdən çox olduqda isə 60 faizini ala bilər.
- Sığorta ödənişi nə deməkdir?
- Vətəndaşın işlədiyi dövrdə ən azı 3 il əmək stajı olmalıdır və həmin şərt ödənildikdə sığorta ödənişi baş vermiş olur. İşlədiyi 24 ayın 12 ayından çox işləmiş olduqda, ona tam sığorta ödənilir. Həmin şəxsin 18 yaşına çatmamış övladları varsa, 20 faizi keçməmək şərtilə hər uşağa 5 faiz sığorta stajı ödənilir. İşsizlikdən sığorta ödənişinin məbləği minimum əməkhaqqı məbləğindən çox olmamaqla ödənilir.
- İşsiz şəxs həmin ödənişi almaq üçün hara müraciət etməlidir?
- Hazırda işsizlikdən sığorta ödənişi baş verdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dərhal həmin vətəndaşın mobil telefonuna SMS göndərilir. Vətəndaşın mobil telefonu olmadıqda və ya SMS gəlmədikdə hər rayonda fəaliyyət göstərən məşğulluq mərkəzinə də müraciət etmək olar. Məşğulluq mərkəzinə üz tutan vətəndaşa sığorta hadisəsi ətraflı izah olunur və sığorta ödənişi növbəti ayın 1-dən ödənilir.
- İşsizliklə əlaqədar sığorta ödənişi üçün müraciət edənlərin sayı nə qədərdir?
- Ötən il sığorta hadisəsi baş verənlərin sayı 1.700 nəfərdən çox olub və onlara 2 milyon manata yaxın sığorta ödənişi verilib. Bundan başqa işsizlikdən sığorta fondu da fəaliyyət göstərir və burada aktiv məşğulluq tədbirləri aparılır. Yəni, işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramı, peşə hazırlığı həyata keçirilərək işsiz vətəndaşların yenidən əmək bazarına qayıtması üçün addımlar atılır.