Rusiyada "Tax free" sistemi tam elektronlaşdırılacaq

2020.01.31 13:49 (UTC+04:00)

Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin bildirib ki, bu ilin ikinci yarısında "Tax free" sistemi tam elektron formaya keçiriləcək. Hazırda bu sahədə çeklər iki formada: həm elektron, həm də kağız formasında tərtib edilir. Bu ilin ikinci yarısında sistemin tamamilə elektron formaya keçməsi üçün bütün resurslar işə salınacaq. Bunun üçün artıq normativ baza hazırlanıb. Layihənin başlanğıcından bəri 100 mindən artıq elektron çek tərtib olunub. Mal dövriyyəsi 17 milyard rubl, turistlərə qaytarılan vəsaitin həcmi isə 1,9 milyard rubl olub.

Qeyd edək ki, Rusiya Federasiyasında "tax free" haqqında qanun 2018-ci ilin yanvarından qüvvəyə minib. Həmin il aprel ayının 10-dan bu sistem Moskva, Sankt-Peterburq, Krasnoqorsk və Soçi şəhərlərində tətbiq olunub. Hazırda "tax free" Rusiya Federasiyasının 13 subyektində işləyir.