Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi ilə bağlı xarici şirkətlərlə əməkdaşlığı genişlənir

2020.01.29 17:18 (UTC+04:00)

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, "Xəzəryanı-Quba", "Qoşadaş" və "Naxçıvan" perspektiv strukturlarında kəşfiyyat işlərinin aparılması ilə bağlı Rusiyanın "Lukoil" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb: "Sonrakı mərhələlərdə maraqlar konkretləşərsə, yataqların işlənməsi barədə başqa sazişlər imzalana bilər.

Ölkə başçısı Davosda həmçinin bizim ən böyük tərəfdaşlarımızdan olan BP və "Equinor" şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. BP şirkəti ilə biz nəinki Azərbaycanda, hətta bir sıra xarici layihələrdə əməkdaşlıq edirik. Azərbaycanda neft hasilatının stabilləşdirilməsində BP-nin də öhdəliyi və mühüm rolu var. Bununla yanaşı, qaz hasilatının artırılmasına da BP-nin öz töhfəsini verməsi müzakirə olunur. Ola bilər ki, qarşıdakı illərdə "Azəri-Çıraq-Günəşli" yataqlarında dərin süxurlardakı qazın çıxarılması mümkün olsun. Hazırda bu imkanlar araşdırılır, "Şahdəniz" yatağının sonrakı mərhələləri ilə bağlı fikir mübadiləsi aparılır.

Hazırkı prioritetlər "Total" şirkəti ilə birlikdə "Şahdəniz-2", "Abşeron" yataqlarının, "Equinor" şirkəti ilə "Qarabağ" yatağının işlənməsi layihələri əsas hədəflərdəndir. Bu yataqda indi kəşfiyyat qazması aparılır. Biz bilirik ki, bu yatağın önəmli potensialı var.

"Equinor" şirkəti ilə "Aypara" strukturunda da iki ay müddətində kəşfiyyat qazması aparacağıq. Bunun nəticəsində biz həmin strukturun potensialını daha dəqiq biləcəyik".

Səbuhi TURAN