Azərbaycanda əhalinin onlayn alış-verişdən istifadəsi ilbəil artır. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, vətəndaşlar daha çox xarici saytlardan alış-veriş etməyə üstünlük verir: "Bunun nəticəsidir ki, xaricdən elektron ticarət yolu ilə verilən sifarişlərin ölkəyə çatdırılması xidməti ilə məşğul olan şirkətlərin sayının artdığını görürük. Hazırda bu tip xidmətlər təklif edən 30-40 karqo şirkəti fəaliyyət göstərir ki, onlar qısa müddətdə xarici saytdakı sifarişləri Azərbaycana çatdırırlar. Bu şirkətlərin kifayət qədər geniş müştəri bazası var və ölkədə ən dinamik inkişaf edən biznes sahələrindən biridir. Xarici saytlardan sifarişlərin çoxluğu onu deməyə əsas verir ki, artıq Azərbaycan əhalisində onlayn alış-veriş vərdişləri formalaşıb. Ona görə bizim yerli sahibkarlar da bu şəraitdən istifadə etməlidirlər.
Hazırda Azərbaycanda sosial media üzərindən ticarətin genişləndiyini görürük. İnsanlar "Instagram", "Facebook" kimi sosial şəbəkələrdən təklif olunan müxtəlif məhsulları sifariş verirlər və sifarişlər ünvanlarına çatdırılır. Əgər sahibkar VÖEN açıb, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərirsə, bu, əlbəttə, çox faydalıdır. Sahibkarlara tövsiyə edirəm ki, sosial medianın, elektron ticarətin imkanlarından qanun çərçivəsində daha çox faydalansınlar. Ənənəvi alış-verişdə sahibkarın müəyyən və məhdud auditoriyası olur, elektron ticarət, sosial şəbəkələr isə sahibkara daha geniş müştəri ilə təmasda olmaq imkanı yaradır".
Səbuhi TURAN