Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

2019.01.24 15:23 (UTC+04:00)

Yanvarın 24-də Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb. Burada ümumilikdə, 16 hektar sahədə tikinti, abadlıq və yaşıllaşdırma işləri görülüb. İnstitutun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub.

Prezident İlham Əliyevə "Elektron kənd təsərrüfatı" layihəsi barədə də məlumat verilib.

Sonra dövlətimizin başçısı "Aqrar inkişaf könüllüləri" layihəsi iştirakçılarının bir qrupu ilə görüşüb söhbət edib. Layihə barədə məlumat verən iştirakçılar könüllülük hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.