ABŞ Avropanı karbon vergisinə cavab verəcəyi ilə hədələyib

2020.01.29 13:52 (UTC+04:00)

ABŞ-ın ticarət naziri Uilbur Ross xəbərdarlıq edib ki, Avropa İttifaqı (Aİ) atmosferə istixana qazları buraxdığına görə xarici şirkətlərin istehsal etdikləri məhsullara əlavə rüsum tarifləri müəyyənləşdirəcəyi təqdirdə ABŞ da müvafiq cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Davos forumu zamanı nazir "Financial Times" qəzetinə müsahibəsində qeyd edib ki, "biz karbon vergisinin necə olacağına əsasən addım atacağıq. Əgər bu verginin mahiyyətində rəqəmsal vergidə olduğu kimi proteksionizm olarsa, buna öz cavabımızı verəcəyik".

Avropa Komissiyası keçən ilin əvvəlində Aİ iqtisadiyyatının 2050-ci ilə qədər sıfır karbon emissiyalarına keçidi konsepsiyasını təqdim etmişdi. Lakin indiyə qədər bu məqsədə nail olmaq üçün hansı tədbirlərin görüləcəyi barədə konkret göstəricilər mövcud deyil.