Vahid Əhmədov: "Son dəyişikliklər şəffaf fəaliyyət göstərmək üçün geniş imkanlar açır"

2019.01.24 14:16 (UTC+04:00)

Yanvarın 1-dən qeyri-neft sektorunun özəl bölməsində fəaliyyət göstərən sahibkarlara tətbiq olunan vergi güzəştlərinin ilkin nəticələri ilin ortalarında daha aydın görünəcək.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "vergiler.az"a açıqlamasında bildirib ki, ölkənin vergi sistemində aparılan köklü islahatlar nəticəsində xüsusilə "kölgə iqtisadiyyatı"nın nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir. Çünki son dəyişikliklər şəffaf fəaliyyət göstərmək üçün həm sahibkarlar, həm də muzdlu işçilər qarşısında geniş imkanlar açır.

Millət vəkili neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan fiziki şəxslərin gəlirləri 8.000 manatadək olduqda vergidən tam azad olunmasını, həmin məbləğdən yuxarı əməkhaqqı alanların isə 14 faiz həcmində vergiyə cəlb edilməsini, eləcə də sadələşdirilmiş verginin ölkə üzrə vahid dərəcə ilə tətbiq olunmasını müsbət yenilik kimi dəyərləndirib.

Vergi güzəştlərindən bəhrələnmək üçün yeganə şərt sahibkarların
şəffaf və dürüst fəaliyyət göstərməsi, gəlir və xərclərə dair hesabatlarını
reallıqda olduğu kimi hazırlayıb vergi orqanlarına təqdim etmələridir

Onun sözlərinə görə, bu dəyişikliklər xüsusilə mikro sahibkarlıq subyektlərinin daha səmərəli fəaliyyət göstərməsini stimullaşdıracaq: "Yanvarın 1-dən ölkə üzrə 2 faiz sadələşdirilmiş vergi dərəcəsinin tətbiq olunması daha çox sahibkarların xeyrinə olan dəyişiklikdir. Eyni zamanda, mikro sahibkarlıq fəaliyyəti subyektlərinin gəlirlərinin və mənfəətinin 75 faizinin vergidən azad olunması bu sahədə çalışanlar üçün əlavə stimul yaradacaq. Hamı çalışacaq ki, həmin 75 faizlik güzəştdən maksimum dərəcədə bəhrələnə bilsin. Bunun üçün yeganə şərt isə sahibkarların şəffaf və dürüst fəaliyyət göstərməsi, gəlir və xərclərə dair hesabatlarını reallıqda olduğu kimi hazırlayıb vergi orqanlarına təqdim etmələridir. Nəzərə alsaq ki, həmin kateqoriyaya daxil olan şəxslər həm də əmlak vergisindən tam azad edilir, mənə elə gəlir ki, yaxın aylarda biz bu islahatın real nəticəsini görə biləcəyik".

V.Əhmədov hesab edir ki, dəyişikliklər özəl sektorda maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərəcək: "Vergi və gömrük sahəsində aparılan islahatlardan gözləntilər böyükdür. Hər iki sahədə həyata keçirilən islahatlarla paralel şəkildə sahibkarlığa dövlət dəstəyi də artırılır. Ölkə başçısının Nazirlər Kabinetinin iclasında hökumətə tapşırığı həm də ondan ibarətdir ki, islahatlar davamlı xaraker almalı, iqtisadiyyatın bütün sahələrini əhatə etməlidir. Güman edirəm ki, sahibkarlar da onlar üçün yaradılmış münbit şəraitdən istifadə edərək özlərinin biznes fəaliyyətini qanuna edilən dəyişikliklərin tələlərinə uyğun qurmaqla gəlirlərini artıra biləcəklər".

Elxan SALAHOV