"ASAN xidmət"də böyük bir könüllülər ordusu var. Ümumilikdə, "ASAN xidmət"də 21 mindən çox könüllü məzun olub. Onlardan 4105-i ötən ilin payına düşür. Könüllülər 550-dən çox, ötən il isə 118 sosial layihə həyata keçiriblər. Bununla yanaşı, "ASAN xidmət"də 50-ə yaxın yaşlı, 51 fiziki məhdudiyyətli könüllü fəaliyyət göstərir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 28-də keçirilən mətbuat konfransında məlumat verib.
Agentliyin sədri, həmçinin bildirib ki, "ASAN kadr" "ASAN xidmət" könüllülərinin sonradan işlə təminatı üçün bir platformadır: "Burada həm şirkətlər, həm də işaxtaran könüllülər qeydiyyatdan keçirlər. "ASAN Kadr" vasitəsilə 1362 könüllü işlə təmin olunub. Onlardan 439-u "ASAN xidmət" mərkəzlərində, digərləri isə ayrı-ayrı dövlət qurumları və özəl şirkətlərdə işə götürülüblər".