Özünüməşğulluq proqramı bu il daha çox vətəndaşı əhatə edəcək

2020.01.28 17:37 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq özünüməşğulluq proqramı ildən-ilə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, ictimai nəzarət üçün “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” adlı altbölməsinə həmin proqramın iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatlar daxil edilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bu il proqram çərçivəsində həyata keçiriləcək tədbirlər barədə deyib: “2020-ci ildə proqrama cəlb ediləcək şəxslərin sayı daha da artırılacaq. Artıq bu ilin ilk təlimlərinə başlanılıb. İlkin mərhələdə təlimlər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda təşkil edilib. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək. Yaxın günlərdə bölgələrdə də özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə icra edəcəyi "Azərbaycanda məşğulluğa dəstək" layihəsi özünüməşğulluq proqramının genişlənməsinə, proqrama daha çox işsiz şəxslərin cəlb edilməsinə öz dəstəyini verəcək. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi çərçivəsində 500-dək əlilliyi olan şəxsin özünüməşğulluq proqramı çərçivəsində biznes qurmalarına dəstək verilir”.

Xatırladaq ki, ötən il 10 min 354 vətəndaş özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 9 minə yaxın vətəndaş mal və materiallar şəklində aktivlərlə təmin edilərək kiçik ailə bizneslərini qurublar. Proqrama cəlb edilənlərdən 2373-ü əlilliyi olan şəxslər, 1860-ı məcburi köçkünlər, 479-u ünvanlı sosial yardım alanlar, 257-si şəhid ailəsi üzvləri, 134-ü cəzaçəkmə müəssisəsindən azad edilənlərdir.