Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiya yatırımları müzakirə olunub

2020.01.28 16:41 (UTC+04:00)

Azərbaycan və Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə edilib. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Maliyyə naziri Samir Şərifov yanvarın 28-də Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksəl Aşanla görüşüb. Görüşdə dövlət başçıları arasında mövcud olan sıx dostluq və qardaşlıq münasibətlərinin Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi, hökumət orqanları arasında da əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

G.Aşan uğurla inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb, müxtəlif sahələrdə, o cümlədən iki ölkə arasındakı ticarət münasibətlərindəki hesablaşmaların yerli valyutadan istifadə etməklə həyata keçirilməsi, maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi, İstanbul Maliyyə Mərkəzində Azərbaycanın maliyyə qurumlarının daha fəal təmsil olunması və digər maraq doğuran məsələlərə dair fikirlərini bölüşüb.

Maliyyə naziri S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, maliyyə və büdcə idarəetməsi, Yeni Büdcə Qaydasının tətbiqi, orta xərclər çərçivəsi planlamasına keçid və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensial mövcuddur.
Sonra G.Aşan Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.