Fransa ilə ABŞ arasında ortaq çərçivə müəyyənləşdirilib

2020.01.27 18:48 (UTC+04:00)

Fransanın Maliyyə naziri Bruno Le Mar internet nəhənglərinə tətbiq edilən, ABŞ ilə gərginliyə səbəb olan "rəqəmsal vergi" ilə bağlı ABŞ-ın Xəzinədarlıq naziri Stiven Munçin ilə ortaq çərçivə müəyyənləşdirildiyini bildirib.

Davos İqtisadi Forumu zamanı ABŞ Xəzinədarlıq naziri ilə görüşündən sonra Le Mar KİV təmsilçilərinin suallarını cavablandırarkən "Google", "Amazon" və "Facebook" kimi iri interenet şirkətlərinin ölkədə əldə etdikləri gəlirlərə tətbiq olunan verginin ləğv olunmadığını bildirib. Le Mar bu şirkətlərin vergi ödəmələrinin ilin sonuna qədər təxirə salındığını, həmin vaxta qədər iki ölkə arasında müzakirələrin davam etdiriləcəyini bildirib.

Problemin həlli ilə bağlı Munçin ilə ortaq bir çərçivə müəyyənləşdirildiyini deyən Le Mar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərçivəsində beynəlxalq səviyəli bir həll yolunun tapıla biləcəyini qeyd edib. O, OECD çərçivəsində həll yolunun tapılmasının nəzərdə tutulan vergilərin ləğv ediləcəyi mənasına gəlmədiyini ayrıca vurğulayıb.

Qeyd edək ki, Fransanın vergi qanunvericiliyində edilmiş dəyişikliyə əsasən, dövriyyəsi qlobal miqyasda 750 milyondan və Fransa daxilində 25 milyon avrodan artıq olan transmilli şirkətlər Fransada 3 faiz dərəcəsi ilə vergi ödəməlidirlər.