Azərbaycan texnologiya tutumlu investisiyaların cəlb edilməsində maraqlıdır

2020.01.27 17:42 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov bildirib ki, son illər Davos Forumunun dünya iqtisadiyyatında ciddi nüfuzu formalaşıb: "Bu gün biz dünya iqtisadiyyatında kifayət qədər əhəmiyyətli dəyişikliklərin şahidi oluruq. Xüsusilə dünya iqtisadiyyatında qloballaşmaya əks olan milli iqtisadiyyatların regional iqtisadi əməkdaşlığa daha çox üstünlük verməsi, dünya iqtisadiyyatının texnoloji zonalara bölünməsi prosesi gedir və bunlar faktiki olaraq yeni çağırışlardır. Azərbaycan da bu yeni çağırışlara uyğun xarici iqtisadi siyasət yürüdür. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş xarici iqtisadi siyasətlə Azərbaycan regional nöqteyi-nəzərdən ciddi şəkildə rəqabət üstünlükləri əldə edib.

Dövlət başçısı Davosda keçirdiyi görüşlərdə Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdığını nümayiş etdirib, ölkədə həyata keçirilən institusional islahatlar barədə ətraflı açıqlamalar verib. Burada əsas məqsəd texnologiya tutumlu birbaşa investisiyaların qeyri-neft, real və yüksək texnoloyalar sektorlarına cəlb olunmasıdır. Bu baxımdan, Davos Forumu Azərbaycan iqtisadiyyatı üçün ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici iqtisadi siyasətin prioritetlərinə nəzər saldıqda görürük ki, dünya iqtisadiyyatının bu gərgin dönəmində Azərbaycanın dayanıqlı rəqabət qabiliyyətinin formalaşması üçün investisiya axınına ciddi şəkildə ehtiyac var. Daxili investisiyalar baxımından ölkə iqtisadiyyatı geniş potensiala malik olsa da, texnologiya tutumlu investisiyaların ölkəyə gəlməsi baxımından xarici investisiyalara ehtiyac duyulur və məhz bu cür forumlarda dövlətimiz planlarını, hədəflərini reallaşdırır".

Səbuhi TURAN