Mərkəzi ofisi İngiltərədə yerləşən "Oksfam" Vətəndaş Cəmiyyəti Təşkilatının hazırladığı hesabata əsasən, 2018-ci ildə dünyadakı ən varlı 26 insanın sərvətləri gəlirləri ən aşağı olan 3,8 milyard nəfər insanın sərvəti qədərdir.
"İctimai mənafe və şəxsi sərvət" adlanan hesabatda sərvəti 1 milyard dollardan artıq olan insanların ümumi sərvətlərinin 12 faiz artdığı, buna mütənasib olaraq dünyadakı aşağı gəlirli təbəqəni təşkil edən 3,8 milyard insanın isə ümumi sərvətlərinin 11 faiz azaldığı göstərilib.
"Oksfam" belə bir vəziyyətin yaranmasında əsas səbəb kimi, bir yandan iri şirkətlərin ödədikləri vergilərin azalmasını, digər yandan isə ictimaiyyətin böyük əksəriyyətinin faydalandığı dövlət xidmətlərini ixtisar edən hökumətlərin məsuliyyət daşıdıqlarını göstərib.
Dünyada yığılan bütün vergilərin hər 1 dollarının ancaq 4 sentinin sərvət vergilərindən əldə olunduğuna diqqət yönəldilən hesabatda dünyanın 1 faiz təşkil edən ən varlı insanlarının ödədikləri vergilərin ikiqat artırılacağı halda, 262 milyon uşağa ibtidai təhsil verilə biləcəyi və 3,3 milyon insanın həyatını xilas etməyə şərait yaradan zəruri səhiyyə xidmətlərinin təşkil oluna biləcəyi vurğulanıb.
Hesabatda diqqətə çatdırılan məqamlardan biri də budur ki, varlı ölkələrdə sərvət vergisi ya ləğv edilib, ya da azaldılıb. Bu ölkələrdə mənfəət vergisinin də dərəcəsi aşağı salınıb. Varlı ölkələrdə 1970-ci ildə mənfəət vergisinin orta səviyyəsi 62 faiz olduğu halda, 2013-cü ildə bu göstərici 38 faizə qədər aşağı düşüb. Hazırda yoxsul ölkələrdə bu göstərici orta hesabla 28 faiz səviyyəsindədir.
Onu da qeyd edək ki, "Oksfam"ın 2017-ci ildə yaydığı hesabatda dünyadakı ən varlı 43 adamın sərvətlərinin dünya əhalisinin yarısını təşkil edən aşağı gəlirli insanların ümumi sərvətinə bərabər olduğu göstərilmişdi.