Britaniya kraliçası "Brexit" haqqında qanun layihəsini imzalayıb

2020.01.24 13:42 (UTC+04:00)

Kraliça II Elizabet Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) haqqında Boris Conson hökumətinin hazırladığı qanun layihəsini imzalayıb. Bununla da layihə qanun statusu alıb.

Brexit yanvarın 31-nə təyin olunub. Lakin bunun üçün Birləşmiş Krallığın Aİ-nin tərkibindən çıxması haqqında saziş Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Orada isə heç bir maneə gözlənilmir.

Yanvarın 31-dən sonra Aİ və Böyük Britaniya arasında keçid dövrü başlamalıdır. Həmin mərhələ dekabrın 31-də başa çatacaq və bu müddətdə Aİ-nin və krallığın münasibətlərində heç bir dəyişiklik baş verməyəcək. Eyni zamanda, London keçid dövrü başa çatanadək Brüssellə yeni ticarət sazişi barədə razılığa gəlmək niyyətindədir.