Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra "rəqəmsal vergi"nin yığılmasının təxirə salındığını bildirib. "The Wall Street Journal"ın yazdığına görə, E.Makron rəqəmsal verginin yığılmasının bu ilin sonuna qədər təxirə salınmasına razılaşandan sonra D.Tramp da Fransa mallarına əlavə ixrac vergisinin qoyulmayacağını bildirib. Tərəflər bu nəticəyə gəliblər ki, "rəqəmsal vergi"nin tətbiqi ilə bağlı məsləhətləşmələr davam etdirilməlidir. Qəzetin nəşr etdiyi məqalədə qeyd olunub ki, "Amerika rəsmilərinin sözlərinə görə, Tramp tərəfindən göstərilən təzyiqlərə Makron yenilib". Fransa tərəfin təmsilçisi isə vurğulayıb ki, Makron bu verginin tam ləğv olunması ilə razılaşmayıb.
Qeyd edək ki, 2019-cu il iyun ayının 11-də Fransa Senatı (parlamentin yuxarı palatası) rəqəmsal xidmətlər göstərən iri şirkətlərin vergiyə cəlb ediməsi barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, internet nəhəngləri Fransadakı dövriyyələrindən əldə etdikləri mənfəətin 3 faizi həcmində vergi ödəməlidirlər.