Ötən ilin iqtisadi göstəricilərini şərh edən iqtisadçı ekspert Elşad Məmmədov sosial layihələrin əhalinin geniş təbəqələrinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb: "Digər tərəfdən, islahatlar daxili bazarların genişləndirilməsi və bunun vasitəsilə iqtisadi inkişafın stimullaşdırılmasına yönəldildi. 2019-ci ildə institutsional və struktur islahatların da hədəfi iqtisadi inkişafın stimullaşdırılması ilə bağlıdır.
Yaxın perspektivdə kiçik və orta biznesin inkişaf etdirilməsi vacibdir. 2019-cu və 2020-ci ilin büdcələri Azərbaycanın yeni tarixində öz həcminin böyüklüyünə və sosial yönümünə görə fərqlənir. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarovun son müşavirədəki çıxışına nəzər yetirsək, görərik ki, orta və kiçik biznesin inkişafı hökumətin hədəfindədir. Bu, təsadüf deyil. Hesab edirəm ki, kiçik və orta biznesin inkişafı, klasterlərin yaradılması olduqca zəruridir. Ancaq bu o anlama gəlməməlidir ki, iri biznes subyektlərinin inkişafı ilə bağlı hansısa tədbirlərin həyata keçirilməsinə zərurət yoxdur. Əslində, orta və kiçik biznes müəyyən mənada iri bizneslə əməkdaşlıq edərək sistemli bağlılıq şəraitində inkişaf etməlidir. Bunun üçün də kiçik və orta biznesin stimullaşdırılmasına ehtiyac var.
Klasterlər şəklində həm ixraca, həm də daxili bazarlara, ilk növbədə, istehlak bazarına yönəlik güclü kiçik və orta biznes təbəqəsinin formalaşması, turizmin inkişafı günün tələbidir. Saxələndirilmiş, istehlakçıların müxtəlif seqmentlərinə istiqamətlənmiş regional məzmuna uyğun turizmin inkişafını əhatə edən siyasət formalaşdırılmalıdır.
Dövlət başçısının bank sektoruna bildirdiyi iradlar son dərəcə mühüm və obyektivdir: banklar faktiki olaraq real sektorun maliyyələşməsinə istiqamətlənməli, onların milli iqtisadiyyatımızın artımına çox ciddi töhfəsi olmalıdır. Ona görə də 2020-ci ildə investisiyaların artımı, innovativ investisiya siyasətinin reallaşdırılması nöqteyi-nəzərdən iqtisadiyyatımızın maliyyə seqmentində, bank sektorunda və pul-kredit seqmentində ciddi, ardıcıl islahatların həyata keçirilməsinə şərait yaranıb. Düşünürəm ki, bu il maliyyə-kredit seqmentində reallaşdırılan islahatlar bütövlükdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların sistemliliyinə, strukturun məzmunluluğuna və kompleksliliyinə xidmət etməlidir".
Fərqanə ALLAHVERDİQIZI