Dünya İqtisadi Forumu Azərbaycan üçün böyük imkanlar vəd edir

2020.01.23 10:52 (UTC+04:00)

İqtisadçı Zaur Əhmədov hesab edir ki, Azərbaycan iqtisadiyyatının imkanları və üstün sahələrinin bütün dünyadan olan investorlara çatdırılması baxımından Davos mükəmməl platformadır: "Ölkə başçısının Azərbaycanın iqtisadi imkanları, ölkədə aparılan islahatlar barədə Davosdakı görüşlərdə, forumlarda, panel müzakirələrində geniş məlumatlar verməsi çox əhəmiyyətlidir. Son dövlər Azərbaycan bir sıra iri enerji və nəqliyyat layihələri reallaşdırıb. Bu da Azərbaycanın artıq Avropa üçün əhəmiyyətli tərəfdaşa çevrildiyini göstərir.

Son illər Azərbaycanın iqtisadi trendi sadəcə xammalın dünya bazarlarına çıxarılması deyil, ölkə öz ixracatında geniş diversifikasiya aparıb və müxtəlif qeyri-neft məhsullarının ixracatçısına çevrilib.

Azərbaycanın son illər beynəlxalq təşkilatların reytinqlərində artan mövqeyi xüsusi vurğulanıb. Bu baxımdan xarici investorlar üçün Azərbaycanın "biznesə başlamaq" indikatoru üzrə ən yüksək yerlərdən birini tutması diqqət çəkir. Ona görə də Davos iqtisadi platforması Azərbaycan üçün böyük irəliləyişlər vəd edir. Hesab edirəm ki, bu Forumdan sonrakı müddətdə biz Azərbaycan iqtisadiyyatına xarici investorların genişlənən marağını müşahidə edəcəyik. Ölkə başçısının keçirdiyi görüşlərdə Azərbaycanla geniş biznes əlaqələri qurmaq istəyən ölkələrin, şirkətlərin şahidi oluruq, eləcə də ölkəmizlə əməkdaşlıq etmək istəyən beynəlxalq təşkilatların sayı artır. Bütün bunlar Azərbaycanın artan nüfuzunun göstəricisidir".

Səbuhi TURAN