Prezident İlham Əliyev İsveçrə Prezidenti Ueli Maurerlə görüşüb

2019.01.24 09:25 (UTC+04:00)

Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezident Ueli Maurer deyib ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışıb, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini deyib. Dövlətimizin başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd edib. Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Prezident İlham Əliyev qeyd edib ki, biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirib. Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunulub.

Prezident İlham Əliyev Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını deyib və bu baxımdan İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitin ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunduğunu və beynəlxalq reytinqlərdə əksini tapdığını vurğulayıb.

Görüşdə Azərbaycanda "Holcim" şirkəti tərəfindən sement zavodunun tikintisinin vaxtilə iqtisadi əməkdaşlığın əsasının qoyulmasında böyük rol oynadığı qeyd olunub. Dövlətimizin başçısı sement zavodunun Azərbaycanın iqtisadi inkişafında rolunu qeyd edib.

İsveçrə Prezidenti Ueli Maurer bildirib ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasında maraqlıdır.