Türkiyənin qaz bazarında Azərbaycanın payı artır

2020.01.21 16:30 (UTC+04:00)

Son illər Türkiyənin qaza təlabatının azaldığı müşahidə edilir. Məsələn, 2018-ci ildə qardaş ölkənin qaza tələbatı 49,3 milyard kubmetr təşkil etdiyi halda, ötən il istehlak olunan qazın həcmi 45 milyard kubmetrə düşüb. Bunun başlıca səbəbi kimi Türkiyənin elektrik enerjisi istehsalında təbii qazın payının azalması və havaların isti keçməsi göstərilir. Oksford Enerji Araşdırmaları İnstitutunun tədqiqatçısı Gülmira Rzayevanın sözlərinə görə, tələbin azalması Türkiyəyə qaz ixrac edən ölkələr arasında ən çox Rusiyaya təsir edib. 2018-ci ildə Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə 24 milyard kubmetr qaz ixrac etmişdisə, 2019-cu ildə bu rəqəm 16 milyard kubmetrə düşüb.

Qaz ixracının azalması fonunda iki həftə öncə Rusiya qazının Türkiyəyə ixracını nəzərdə tutan "Türk axını" layihəsinin istifadəyə verilməsi maraq doğurur. G.Rzayeva bildirib ki, "Türk axını" vasitəsilə Türkiyəyə əlavə qaz ixrac edilməyəcək: "Bu xətlə Türkiyəyə indiyə kimi bağlanılmış sazişlərdə göstərilən həcmlər göndəriləcək. Kəmər Rusiya qazının Türkiyə ərazisinə yeni marşrutla çıxmasına xidmət edir, yəni qaz Türkiyəyə Ukraynadan deyil, Qara dənizin dibi ilə çəkilmiş yeni xətlə birbaşa ixrac olunacaq. Rusiyanın "Qazprom" şirkəti ilə imzalanmış mövcud müqavilənin müddəti isə 2022-ci ildə başa çatacaq".

Türkiyəyə Azərbaycan qazının ixracında isə artım müşahidə olunur. 2018-ci ildən, yəni TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycanın Türkiyəyə qaz ixracı mərhələli şəkildə artır. Azərbaycan 2018-ci ildə Türkiyəyə 7,527 milyard kubmetr (Türkiyənin ümumu idxalında pay: 14,95%) qaz ixrac etmişdisə, 2019-cu ildə bu rəqəm 9 milyard kubmetrdən çox olub (Türkiyənin ümumi idxalında pay: 20%).

G.Rzayeva Türkiyənin qaz bazarında Azərbaycanın payının artmasının əsas səbəbi kimi şərtlərin əlverişli olmasını göstərib. Məsələn, "Qazprom" ilə müqavilədəki "Al, ya da ödə" şərti türk tərəfi üçün həmişə narazılıq yaradıb.

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Türkiyəyə qaz ixrac edir. Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə qardaş ölkəyə ildə 6,6 milyard kubmetr qaz satılır. TANAP vasitəsilə ötürüləcək əlavə 6 milyard kubmetlə birlikdə Azərbaycanın qardaş ölkəyə satdığı qazın həcmi illik 12,6 milyard kubmetrə çatacaq.

Səbuhi TURAN