2019-cu ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17.184,3 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 65,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 4.397,6 milyon manatı dekabr ayının payına düşüb. İllik ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı sahələrinə, 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz paya malik olub.
Keçən il paytaxtda Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və DOST mərkəzlərinin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə" Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında "Azərxalça" ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, Şamaxı rayonunda "Asan Həyat" kompleksi, bunlardan əlavə Bakı şəhərində 1920 şagird yerlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 2.220 şagird yerlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi və 4 ambulatoriya-poliklinika müəssisəsi, Lənkəran şəhərində 432, Şəki şəhərində 624, Ağcabədi rayonunda 696, Lerik rayonunda 360, Cəlilabad rayonunda 180, İmişli rayonunda 756, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq xəstəxana, Abşeron rayonunda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagird yerlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.