"Moody's": "İslahat proqramının effektiv şəkildə həyata keçirilməsi iqtisadi dayanıqlığı artıracaq"

2020.01.21 12:33 (UTC+04:00)

MDB ölkələrinin iqtisadiyyatlarının dayanıqlı artımına baxmayaraq, qlobal iqtisadiyyatın struktur problemləri ilə əlaqəli xarici risklər onların iqtisadi zərbələrə olan həssaslığını artırır. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yeni hesabatında bildirilib: "MDB suveren emitentləri sektorunun 2020-ci il üçün mənfi proqnozu qlobal iqtisadiyyatın yavaşlaması ilə əlaqəli risklərin artmasını, habelə region ölkələrində davam edən siyasi qeyri-müəyyənliyi əks etdirir".

Hesabat müəllifləri düşünürlər ki, bu risklərin kristallaşması vergi-büdcə göstəricilərinin daha da yaxşılaşmasına mane ola bilər, lakin pul-kredit siyasətinin, vergi-büdcə qanunvericiliyinin və bank nəzarətinin təkmilləşdirilməsi onların mənfi təsirlərini azaltmağa kömək edə bilər.

"Baza proqnozlarımıza əsasən, bir sıra MDB ölkələrində iqtisadi artım templərinin sabit qalacağını və bu il onlarda vergi-büdcə göstəricilərinin yaxşılaşacağını gözləyirik. Amma qlobal iqtisadi artım tempinin yavaşlaması xüsusən mənfi inkişaf riskinin artması halında baza proqnozlarımıza şübhə yarada bilər", - hesabatın həmmüəllifi, "Moody's"in kiçik vitse-prezidenti - analitiki Kristian Fenq deyib.

"Moody's" qarşıdakı 12-18 ay ərzində MDB ölkələri hökumətlərinin borc yükünün azalacağını və ya dəyişməz qalacağını gözləyir, lakin borc yükü yenə də 2014-2016-cı illərdəki öncəki iqtisadi sarsıntı zamanı bu bölgə ölkələrində müşahidə olunan səviyyələrdən yüksək olacaq: "MDB ölkələrində islahat proqramının səmərəli şəkildə həyata keçirilməsi fiskal və makroiqtisadi buferlərin artırılması hesabına onların iqtisadi dayanıqlığını tədricən artırmağa imkan verəcək, bu da maliyyə sabitliyinin artmasına və xarici maliyyələşmədən asılılığın azaldılmasına yardım edəcək. Bununla belə, qısamüddətli perspektivdə müsbət təsir məhdud olacaq. Bu bölgədə davam edən siyasi qeyri-müəyyənlik iqtisadiyyatların vəziyyətinə və islahatların gedişatına da mənfi təsir göstərəcək".