Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ötən ilin yekunlarına həsr olunmuş müşavirədə hökumətə müvafiq tapşırıqlar verib. Bununla əlaqədar yanvarın 17-də Nazirlər Kabinetində müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, həmin tapşırıqların icrası ilə bağlı ilk müşavirə qeyri-rəsmi məşğulluğun leqallaşdırılması məsələsinə həsr olunub. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə hökumət qarşısında 25-dən çox tapşırıq qoyub. Nazirlər Kabineti bu tapşırıqları sistemləşdirib və həyata keçirilməsi üçün Tədbirlər Planı hazırlayıb, bununla bağlı müvafiq Sərəncam imzalanıb.
Baş Nazir Əli Əsədov deyib ki, Prezident İlham Əliyev müşavirədə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasını, şəffaflığın artırılmasını xüsusi vurğulayıb və bugünkü toplantı Prezidentin tapşırıqlarının icrası istiqamətində keçirilən ilk müşavirədir.
Əli Əsədov qeyd edib ki, son 2 ildə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin 37 faizdən çox artması aparılan islahatların real göstəricisidir. Görülən işlərin nəticəsində vergi bazası da genişlənməkdədir. Amma, Azərbaycan Prezidentinin siyasi iradəsi belədir ki, bu iş daha da güclənməlidir.
Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həlli ilə bağlı bu günədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verən Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib ki, son 15 ildə ölkədə 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə enib. Tədbirlər planı 5 bölmədən 36 maddədən ibarətdir. İndiyədək həmin maddələrin 18-i tam, 7-si qismən icra edilib, 11 maddə üzrə işlər mütəmadi icra olunacaq. Ümumilikdə görülmüş işlər müsbətdir. 2017-ci ilin ikinci yarısından 2019-cu ilin sonunadək ümumilikdə 300 minədək əmək müqaviləsinin artımı müşahidə olunub. İlbəil dinamikanın artması da yaxşı göstəricidir. Təkcə 2019-cu ildə bu göstərici 153 min olub. Həmin 300 minədək artım ümumilikdə məşğul əhalinin faiz etibarilə artımının 21,2 faizi deməkdir.
Əmək və sosial hüquqların qorunması ilə bağlı görülən işlər barədə məruzə edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə əmək müqavilələri üzrə qeydə alınan 153 min artımın 99 mini məhz özəl sektorun payına düşüb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə qeyd edib ki, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində 2019-cu ildə yerlərdə bir sıra operativ vergi tədbirləri keçirilib. İl ərzində 7294 pozuntu fakt aşkarlanıb və qanunvericiliyə uyğun olaraq ilk hal olduğu üçün sahibkarlara yazılı xəbərdarlıq edilib. Lakin bundan nəticə çıxarmayaraq təkrarən belə addım atan şəxslərə 268 min manat maliyyə sanksiyası tətbiq olunub, 27 fakt üzrə cinayət işi açılıb. İl ərzində vergi orqanlarının xətti ilə sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil edib, proqnoz 105,8 faiz icra olunub.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ötən 2 ildə Komissiyanın fəaliyyəti nəticəsində mühüm nailiyyətlər əldə olunub, çox güclü institusional baza yaradılıb. Real nəticələr görülən işlərin dinamikasinda da özünü göstərir. Dövlət Statistika Komitəsi İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə razılaşdırılmış metodologiya əsasında qeyri-rəsmi məşğulluğun səviyyəsinin qiymətləndirilməsi üzrə təhlillər aparıb. Bu təhlillərin beynəlxalq metodologiya əsasında hazırlanması üçün xarici ekspertlər cəlb olunub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib: “Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluğun yüksək olduğu sahələrdən biri də tikinti sektorudur. 2017-2019-cu illərdə bu sahədə 171 monitorinq həyata keçirilib, 170 min 600 əmək müqaviləsi imzalanıb ki, onların 90 min 451-i və ya 45 faizi sırf bu monitorinqlər nəticəsində işəgötürənlər tərəfindən bağlanmış müqavilələrdir. Yəni, monitorinqlər bu sektorda əmək müqavilələrinin 45 faiz rəsmiləşdirilməsinə imkan yaradıb”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində komitə tikintiyə dair verdiyi icazələr, icazə almış hüquqi və fiziki şəxslər barədə məlumatları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə göndərir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev qeyd edib ki, son dövrlərdə əmək hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda görülən işlər Beynəlxalq Əmək Təşkilatında yüksək qiymətləndirilir.
Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli, Daxili İşlər nazirinin müavini İsmət Əliyev, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.
Sonda məsələni nəzarətdə saxlamaq, vaxtaşırı hesabat hazırlamaq barədə müvafiq qurumlara tapşırıqlar verilib və Azərbaycan Prezidentinin göstərişinə əsasən sıx koordinasiyanın vacibliyi qeyd olunub.