Strateji hədəf dayanıqlı və inklüziv inkişafa nail olmaqdır

2020.01.16 18:27 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilmiş seminarda İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycanın ortamüdətli dövrdə - 2021-25-ci illər üçün əsas prioritetlərini açıqlayıb.

Nazir qeyd edib ki, postneft dövründə hökumətin qarşıda duran strateji hədəf milli iqtisadiyyatın dünya iqtisadiyyatında və qlobal dəyər zəncirində layiqli yerini təyin etməklə ölkənin rəqabətqabiliyyətli, dayanıqlı və inklüziv inkişafına nail olmaqdır.
M.Cabbarov vurğulayıb ki, islahatlar vasitəsilə ortamüddətli dövrdə ölkədə iqtisadi artım sürətinin ən azı qlobal iqtisadiyyatın orta artım tempindən geri qalmaması təmin olunmalıdır. Nazir iqtisadi sferada ortamüddətli dövr üçün əsas prioritetləri qeyd edib:

- iqtisadi artımın, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi;
- qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi;
- investisiyaların, xüsusilə özəl sərmayələrin həcminin artırılması;
- kiçik və orta biznes subyektlərinin, xüsusilə qadınların və gənclərin başladığı və bu sahədə fəaliyyət göstərən subyektlərin ümumi iqtisadi məhsulda çəkisinin, rolunun və payının artırılaması, bu məqsədlə müvafiq proqramların tətbiq edilməsi;
- iqtisadiyyatda dövlətin iştirakının səmərəliliyinin artırılması və həcminin tarazlaşdırılması;
- milli innovasiya sisteminin inkişaf etdirilməsi;
- maliyyə resurslarına əlçatanlığın artırılması və çıxışın asanlaşması;
- şəffaflıq və əlverişli institutsional çərçivənin formalaşdırılması.

Sosial sahədə əsas prioritetlərə gəlincə, Mikayıl Cabbarov bildirib ki, əhalinin artımı həm sosial, həm iqtisadi sahədə yeni çağırışlar tələb edir və yeni islahatlara zəmin yaradır: “Dayanıqlı inkişafın digər istiqaməti kimi ortamüddətli sosial perspektivdə aktiv əmək bazarı proqramlarının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dayanıqlı inkişaf dedikdə biz iqtisadi inkişafı sosial inkişafdan ayıra bilmərik. Bizim üçün iqtisadi artımın surəti vacib olduğu kimi, əhalinin məşğulluğu, sosial təminatı da vacibdir. Bu siyasətlərin uzlaşdırılmasını, həm keyfiyyətini, həm icrasını prioritet kimi görürük. Yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin davam etdirilməsi, insan kapitalının inkişafı məqsədilə təhsil sahəsinə investisiyaların artırılması, gender bərabərliyinə nail olunması səylərinin davam etdirilməsi, icbari tibbi sığorta sisteminə əlçatanlığın təmin olunması qarşıda məqsəd kimi qoyulub”.

Nazir ortamüddətli dövrdə ekoloji aspektdə müəyyən edilən prioritetləri də açıqlayıb. Bildirib ki, Yer ekosistemlərinin qorunması, bərpa edilməsi, onlardan dayanıqlı istifadənin təşviq edilməsi, tullantı sularının idarə olunması, atmosferin mühafizəsi, Xəzər dənişinin çirklənmədən qorunması, biomüxtəlifliyin mühafizəsi nəzərdə tutulur. Bərpa olunan və alternativ enerji mənbələrinin və digər ekoloji tarazlığı təmin edən müxtəlif sahələrdə iqtisdaiyyatda aidiyyatı olan sektorların rolunun artırılması da prioritetlər sırasındadır. Mikayıl Cabbarov bu hədəflərin müəyyənləşdirilməsində institusional baxımdan çeviklik və adaptasiya imkanlarının da nəzərə alınmasını vurğulayıb.