2019-cu ildə regionlar üzrə vergi daxilolmaları 11,9 faiz artıb

2020.01.16 12:52 (UTC+04:00)

2019-cu ildə regionlar üzrə vergi daxilolmaları 11,9 faiz artaraq 795,4 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da keçən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50 faizinin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır.

M.Cabbarov vurğulayıb ki, bu dinamika fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlərin verilməsi şəraitində formalaşıb. Əmək bazarının leqallaşdırılması məqsədilə ötən il qeyri-neft özəl sektorda çalışan işçilərin 8000 manatadək olan əməkhaqları gəlir vergisindən azad olunub. Nəticədə 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb.