İqtisadiyyat naziri: "2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb"

2020.01.16 12:37 (UTC+04:00)

“2019-cu ildə Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4% təşkil edərək, orta illik inflyasiyanı (2,6%) üstələyib”. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən mətbuat konfransında deyib: “Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4% təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”.
Nazirin sözlərinə görə, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır: “2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7.672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat azaldılıb".

O, həmçinin deyib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir: “Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5.432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50%-nin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır.