Almaniyada 2019-cu ilin büdcəsində qalan məbləğ Şərqi və Qərbi Almaniyanın birləşdiyi 1990-cı ildən bəri rekord göstəricidir. Maliyyə Naziriliyinin açıqlamasına əsasən, keçən il büdcənin ümumi gəliri 357 milyard 100 milyon avro, xərcləri isə 343 milyard 600 milyon avro olub.
2019-cu il büdcəsindən 13 milyard 500 milyon artıq vəsaitin qalması maliyyə qaynaqlarının necə xərclənməsi ilə bağlı müzakirələrə səbəb olub.
Büdcə artığının yeni sərmayələr üçün istifadə olunmasını təklif edən maliyyə naziri Olaf Şolz: “Almaniyada indi daha çox investisiya qoymaq gündəlikdədir”, - deyib. Onun mövqeyinə görə, infrastruktur, məktəb, xəstəxana, iqlim dəyişikliyi və ölkənin bütün regionlarında bərabər xidmətlərin göstərilməsi üçün sərmayə qoymaq imkanı yaranıb.
Büdcədən artıq vəsaitin qalması barədə koalisiya ortağı olan partiyalar (CDU/CSU) vergilərin azaldılması təklifini irəli sürüb. Xristian Demokratik Birlik Partiyasından Exhard Rehberq “Mürəkkəbləşmiş konyuktur vəziyyət nəzərə alındıqda, nəhayət, korporativ verginin dərəcəsini aşağı salmağımız və 2022-ci ildən həmrəylik vergisini ləğv etməyimiz lazım gəlir”, - deyib.
Vergilərə yenidən baxılmasını tələb edən Sol Partiya isə orta sinfin üzərinə düşən vergi yükünün azaldılmasını təklif edib.