Bu il 50-ci Dünya İqtisadi Forumu keçiriləcək

2020.01.15 14:45 (UTC+04:00)

Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) təşkil ediləcək. Builki foruma 117 ölkədən 3 min siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. "Birgə və davamlı dünyanın maraqlı tərəfləri" mövzusunda keçiriləcək forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edəcək.