Azərbaycan OPEC+ razılaşmasına uyğun olaraq gündəlik neft hasilatını azaltmağı planlaşdırır

2020.01.15 12:08 (UTC+04:00)

Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozuna görə, bu il Azərbaycanda orta gündəlik neft hasilatı 760 min barel səviyyəsində olacaq ki, bu da ötən illə müqayisədə 3,8 faiz azdır. "APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel təşkil edəcək ki, bu da 2019-cu və 2020-ci illərlə müqayisədə müvafiq olaraq 6,3 faiz və 2,6 faiz azdır.

Qeyd edək ki, bu ilin dekabrında Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik (1,2 mln. bareldən) 1,7 mln. barelə çatdırılıb. Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.