Azərbaycanda böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir

2020.01.14 16:07 (UTC+04:00)

İlkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

M.Cabbarov bildirib ki, qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir: “İnanırıq ki, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır”.