Energetika nazirliyinin elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun sözlərinə görə, bu məqsədlə beynəlxlaq investorlar arasında ciddi rəqabətə dayanan seçim prosesi keçirilib. Nəticədə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə müqavilələr imzalanıb: “Bu layihələr çərçivəsində 440 meqavat həcmində günəş və külək elektrik stansiyalarının qurulması nəzərdə tutulub ki, bu da illik 1 milyard 400 milyon kilovat/saat elektrik enerjisinin istehsalı deməkdir və Bakıdan başqa istənilən bir şəhərimizin elektrik enerjisinə olan tələbatının ödənməsinə kifayət edəcək bir göstəricidir. İki layihəyə 340 milyon dollar dəyərində investisiya qoyulması nəzərdə tutulub.
Azərbaycanın külək və günəş enerjisi üzrə potensialı ümumi şəkildə qiymətləndirilib. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür, külək enerjisi üzrə isə Xəzər akvotoriyasında, Abşeron yarımadasında, Bakıda, eyni zamanda Xızı rayonunda daha əlverişilidir. İlkin olaraq külək enerjisi üzrə layihənin Xızı rayonunda, günəş enerjisi üzrə isə Ələtdə həyata keçirilməsini düşünürük.
İndiyə kimi bərpa olunan enerji mənbələrinə əsasən dövlət büdcəsi hesabına investisiya qoyulurdu. Ölkə başçısının müvafiq sərəncamının icrası ilə əlaqədar artıq bu sahəyə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ciddi tədbirlər görülür”.
Səbuhi TURAN