Yoxlamaların daha 2 il müddətinə dayandırılması investisiya mühitinin əlverişliliyini artırır

2019.01.23 13:53 (UTC+04:00)

Keçən ilin sonunda parlamentdə qəbul edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, bu qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində həyata keçirilən yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Qeyd olunan Qanunun 2.1-ci maddəsinə əsasən, yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən aparılan yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoxlamalar aparıla bilər.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, ölkə rəhbərliyi tərəfindən 2021-ci ilədək vergi və eləcə də profilindən asılı olaraq ərzaq təhlükəsizliyi və səhiyyə standartları ilə bağlı yoxlamalar istisna olmaqla, sahibkarlıq subyektlərində yoxlamaların qadağan edilməsi Azərbaycanda biznesin inkişafına dəstək kimi qiymətləndirilir: "Yoxlamaların qadağan edilməsi sahibkarlara fəaliyyətlərini genişləndirmək imkanı verir. Bu birmənalı şəkildə ölkədə investisiya mühitinin yaxşılaşdırılmasına və sahibkarlıq fəaliyyətinin inkişafı üçün yeni layihələrin artımına gətirib çıxaracaqdır".

Fəxriyyə İKRAMQIZI